Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2015 09:00

Hərbi Dəniz Qüvvələrində Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Müdafiə Nazirinin Xocalı faciəsinin 23-cü ildönümünün keçirilməsi ilə əlaqədar təsdiq etdiyi tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrinin qərargahında zabit və miçman heyətinin iştirakı ilə anım mərasimi keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə şəhid olan döyüşçülərimizin, həmçinin Xocalı faciəsi qurbanlarının xətirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni oxunub.
Tədbiri giriş sözü ilə açan birinci dərəcəli kapitan Natiq Bağırov ötən əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələrinin ildönümü ərəfəsində hərbi gəmilərdə və digər bölmələrdə keçirilən ictimai-siyasi hazırlıq məşğələlərində, habelə anım tədbirlərində şəxsi heyətə faciənin əsl mahiyyəti haqqında ətraflı məlumatların aşılandığını bildirib.
Sonra Hərbi Dəniz Qüvvələri komandanının vəzifəsini icra edən birinci dərəcəli kapitan Şahin Məmmədov geniş məruzə ilə çıxış edib. Ötən dövrlərdə imperiya qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasətindən ətraflı bəhs edən məruzəçi bildirib ki, 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsi də bu siyasətin məntiqi davamı olub.
Tədbirdə iştirak edən Xocalı sakini Murad Məhərrəmov bilavasitə şahidi olduğu faciə ilə bağlı ağrılı-acılı xatirələrini bölüşüb və hər bir həmyerlisinin həmin faciədə qəhrəmanlıq göstərməyə qadir olduğunu qeyd edib. O, doğma qardaşının da bu döyüşlərdə son nəfəsinədək mübarizə apararaq şəhid olduğunu vurğulayıb.
Mərkəzi Zabitlər Evi kollektivinin Xocalı soyqırımı ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.