Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2013 09:00

Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib

Aprelin 29-da Avropa Hotelində Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunun püşkatma mərasimi keçirilib. Mərasimdə idman və əsasən də futbol ictimaiyyətinin nümayəndələri, tanınmış idman veteranları iştirak edib.
Tədbirdə müdafiə nazirinin müavini, təşkilat komitəsi sədrinin birinci müavini, general-leytenant Çingiz Məmmədov müdafiə naziri Səfər Əbiyevin adından mərasim iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır. O, yarışın Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu deyib və çempionata yüksək səviyyədə hazırlıq görüldüyünü Bildirib. Çingiz Məmmədov hərbçilərin futbol üzrə dünya çempionatının yüksək idman şəraitində keçiriləcəyinə və ən layiqli komandalar qaliblər sırasında olacağına inandığını deyib.
Çingiz Məmmədovun çıxışından sonra Azərbaycan haqda film nümayiş olunub.
Daha sonra söz Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Hamad Kalkabaya verilib. O, çıxışında bu tədbirin keçirilməsinə lazımi şərait yaratdığı üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib. Beynəlxalq Hərbi İdman Şurasının prezidenti "İdman vasitəsilə dostluq" şüarı altında keçirilən bu yarışın ölkələr arasında dostluq və sülhə təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb. Onun çıxışının ardınca Beynəlxalq Hərbi İdman Şurasının tarixindən bəhs edən film nümayiş edilib.
Sonra FİFA-nın idarə heyətinin üzvü Uolter Qaqın çıxış edərək turnirin beynəlxalq əhəmiyyətindən və idman aləminə verəcəyi töhfələrdən danışıb.
Daha sonra 30 iyun - 16 iyul tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Hərbi İdman Şurasının hərbiçilər arasında birinci Dünya Futbol Kuboku yarışına qatılacaq 16 ölkə - ABŞ, Almaniya, Azərbaycan, Bəhreyn, Braziliya, Əlcəzair, Fransa, Fil Dişi Sahilləri, İraq, Kamerun, Keniya, Qətər, Mali, Niderland Krallığı, Oman Sultanlığı komandaları arasında püşkatma keçirilib. Püşkatman nəticəsində aşağıdakı qruplar formalaşıb:

"A" qrupu
1. Azərbaycan
2. İraq
3. Mali
4. Kanada
"B" qrupu
1. Əlcazair
2. Fransa
3. Bəhreyn
4. Keniya
"C" qrupu
1. Oman Sultanlığı
2. Fil Dişi
3. Almaniya
4. ABŞ
"D" qrupu
1. Braziliya
2. Niderland Krallığı
3. Qətər
4. Kamerun.

Püşkatma mərasimi yekunlaşandan sonra mətbuat konfransı keçirilib və müdafiə nazirinin müavini, təşkilat komitəsi sədrinin birinci müavini, general-leytenant Çingiz Məmmədovla Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Hamad Kalkaba jurnalistləri maraqlandıran suallara cavab veriblər.