Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2013 09:00

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu uğurla davam etdirilir

"N" hərbi hissəsinə baş çəkən bir qrup ziyalılarımızın fikirləri bunu deməyə əsas verir
Xəbər verildiyi kimi, sentyabrın 17-də tərkibinə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlunun, xalq yazıçısı Anarın, Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəblinin, Parlamentin təhlükəsizlik komitəsi sədrinin müavini Aydın Mirzəzadənin, xalq artistləri Amaliya Pənahovanın və Nurəddin Mehdixanlının, eləcə də uzun illər hərbi xidmətdə olmuş Mehdi Mehdiyevin daxil olduqları  bir qrup ziyalı Tərtər rayonunun Borsunlu kəndindəki təmas xəttinin müdafiə zolağına getmiş, əsgərlərin həyat və məişət şəraiti ilə yaxından tanış olmuşlar.
Qonaqlar ön xətdə yerləşən hərbi hissədə əsgər və zabitlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirmiş, hərbi qulluqçular üçün inşa olunmuş yataqxanalara, yeməkxanalara və hamama baş çəkmişlər.  Şəxsi heyətin ixtiyarında olan tikililərin, o cümlədən məişət otaqlarının səhra şəraitinin tələblərinə yüksək səviyyədə cavab verdiyi xüsusi vurğulanmışdır.
Yerlərdəki vəziyyətdən məmnun qalan ziyalılar qısa tanışlıqdan sonra  birbaşa ön xəttə, səngərlərə yollanmışlar. Burada  hərbi qulluqçuların istifadəsinə verilən ən müasir silah-sursat və müşahidə cihazları xüsusilə diqqəti çəkmişdir. Bu cihazlar  hərb sənətinin ən yeni və modernləşdirilmiş nüsxələrindən ibarətdir. Onlar  düşmənin yaxın və uzaq hədəflərini daim nəzarət altında  saxlamağa imkan verir. Müşahidə cihazları vasitəsilə  qarşıdakı düşmən mövqelərini nəzərdən keçirən ziyalılar ön xətdəki səngərlərdə əsgərlər üçün yaradılmış şəraiti bir daha yüksək dəyərləndirmişlər. 
»N» hərbi hissəsinin komandanlığı ön xətdəki mövcud vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat vermiş, düşmənin atəş nöqtələrinin daim ciddi nəzarət altında saxlanıldığını diqqətə çatdırmışdır.
Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli öz fikirlərini elə səngərdəcə, döyüş növbəsində dayanan əsgərlərlə bölüşərək bildirmişdir ki, əgər xalq yazıçısı Anar burada, sizinlə bir cərgədədirsə, deməli, bizim ziyalılarımız əsgərlərin yanındadır. Belə çətin coğrafi şəraitdə, düşmənlə üzbəüz mövqelərdə Azərbaycan əsgəri üçün yaradılmış bu gözəl şərait bizi ürəkdən sevindirir. Baxmayaraq ki, bura cəbhənin ön xəttidir, əsgər yataqxanaları, yeməkxanalar və məişət otaqları ən müasir tələblər çərçivəsində inşa olunub. Bu, ilk növbədə Azərbaycan dövlətinin öz hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. 
Ön xətdə biz həm də Azərbaycan əsgərinin fədakarlığının şahidi olduq. O, bütün əziyyətlərə, məhdudiyyətlərə mərdliklə sinə gərir. Buna görə də hər bir hərbi qulluqçuya və onun ailəsinə qayğı göstərmək, diqqətlə yanaşmaq bütün Azərbaycan vətəndaşlarının müqəddəs borcudur.
Daha sonra söz alan Parlamentin təhlükəsizlik komitəsi sədrinin müavini Aydın Mirzəzadə də həmkarının fikirlərilə şərik olduğunu bildirdi: »Burada olarkən həm  də onu gördük ki, ön cəbhədə xidmət edən hərbi qulluqçular dünyanın ən müasir silahları ilə təchiz olunub. Əsgər və zabitlərimizin bu silahlardan peşəkarlıqla istifadə etməsi onların hərb sənətinə mükəmməl yiyələnməsindən xəbər verir. Onlar  düşmən qarşısında  sarsılmaz bir səd çəkiblər,  məğlubedilməz güc kimi dayanıblar. Bütün bunlar onu bir daha göstərdi ki, işğal altında olan torpaqlarımızı azad etmək üçün Azərbaycan əsgəri son və həlledici döyüşə atılmağa hazırdır. Bizim ön cəbhəyə gəlişimiz bir daha burada, səngərlərdəki vəziyyəti yenidən öyrənmək, Azərbaycan ordusuna mənəvi dəstək olmaq, eyni zamanda bütövlükdə təmas xəttində yerləşən hərbi hissələrimizlə yerindəcə tanış olmaq məqsədi daşıyır.  Həmişə olduğu kimi, bugünkü səfərdən də təəssüratlarımız kifayət qədər yüksək və ürəkaçandır».
Milli Məclisin üzvlərindən sonra xalq artisti Nurəddin Mehdixanlı da öz fikirlərini hərbi qulluqçularla bölüşdü. Qürur hissilə bildirdi ki, dünəndən bu günə qədər gördüklərimin və eşitdiklərimin təsiri altındayam.  Doğrusu, burada dayanmaq adama bir qədər ağır gəlir. İndi bizim daha öndə, erməni işğalı altında inləyən tarixi doğma torpaqlarımızda olmağımızı istərdim. İnanıram ki, o gün uzaqda deyil. Biz mütləq dədə-baba yurd yerlərimizə, torpaqlarımıza qayıdacağıq. Bunu deməyə Azərbaycan əsgərinin yüksək  mənəvi, psixoloji və döyüş hazırlığı əsas verir.
İki gündür Azərbaycanın əsgər və zabitləri ilə ön xətdə görüşüb söhbətlər aparırıq. Bu söhbətlərdən sonra gəldiyim yeganə qənaət bundan ibarətdir ki, hərbi qulluqçularımız hər an zəbt olunmuş torpaqlarımızın, doğma od-ocaqlarımızın sahibi olmağa hazırdır. Şübhəsiz, bundan ötrü lazım olan məqam və şərait yetişməlidir.
Bizi sevindirən həm də odur ki, Azərbaycan əsgəri bu gün dünyanın ən güclü, ən müasir silahları ilə təmin olunub. Azərbaycan ordusu müstəqilliyimizi, suverenliyimizi, sözün bütün mənasında, qorumağa hazırdır. Və mən çox istərdim ki, Azərbaycan mətbuatı ilk növbədə Azərbaycan ordusunun hazırkı qüdrətindən, yüksək döyüş hazırlığından  geniş məqalələrlə tez-tez bəhs etsin.  Bu gün burada bizimlə bir yerdə ön xətdə olan media nümayəndələri də yaxşı görürlər ki, ordumuzun texnikı hazırlıq səviyyəsi müasir tələblər çərçivəsindədir. Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığına yiyələnməsi heç kimdə qətiyyən şübhə doğurmur. Ona görə də Azərbaycan mediası əsgər və zabitlərimizə doğma torpaqlarımızı düşməndən azad etmək, mənəvi cəhətdən döyüşə daha yüksək səviyyədə hazırlaşmaq işində dayaq rolunu yerinə yetirməli, yardımçı və xidmətçi olmalıdır. Mənim fikrimcə, Azərbaycan mediasının ən birinci və müqəddəs vəzifəsi bundan ibarətdir. Təbii ki, ölkəmizin sağlam mətbuatı, yəni, millətin, dövlətin və dəyərlərimizin yanında olan kəslər məhz bu işlə məşğuldurlar.
Xalq artisti hələ sovet dönəmində elitar hərbi hissələrdən birində xidmət etdiyini, lakin heç orada da normal xidmət üçün belə bir yüksək təminatın, hərtərəfli  şəraitin yaradılmadığını bildirdi. Doğrudan da, birbaşa təmas xəttində, düşmənlə üzbəüz mövqelərdə bu cür şəraitin yaradılması təqdirəlayiqdir və heç şübhəsiz, dövlətin və ordu rəhbərliyinin ağır zəhməti hesabına başa gəlib.
Çox sevinirəm ki, sizlərlə bir yerdə mən də ön xətdə,  Azərbaycan əsgərinin yanındayam. Özüm kifayət qədər real düşünən adamam. Və hesab edirəm ki, gələcəyə ümidlə baxmağa, ordumuza güvənməyə Azərbaycan xalqının həm mənəvi haqqı, həm də ciddi əsasları var. Mən o sabahı görürəm. İnanıram ki, Azərbaycan əsgəri bizim üçrəngli bayrağımızı Azərbaycanın bütün sərhəd məntəqələrində bərpa edəcək. O bayrağı Şuşada, Xankəndidə, Ağdərədə dalğalandıracaq.
Sonda xalq yazıçısı Anar da öz fikirlərini şəxsi heyətin diqqətinə çatdırdı: »Mən də dostlarımın dediklərinə şərik çıxıram. Qarabağ müharibəsi başlayandan bəri bir neçə dəfə müxtəlif hərbi hissələrdə, ön xətdə olmuşam və hər dəfə görmüşəm ki, ordumuz gündən-günə təkmilləşir, öz döyüş qabiliyyətini artırır, ən müasir hərbi texnika və silah-sursatla təmin olunur. Bu məni çox sevindirir. O mənada ki, bizim ordunun qüdrətinə, müasirliyinə, əsgərlərimizin ruh yüksəkliyinə bir daha inanırıq. Ən böyük arzum odur ki, bütün bu səngərlər gələcəkdə muzeyə çevrilsin. Muzey eksponatı kimi qalsın və biz Vətənimizin hər yerinə sərbəst gedib-gələ bilək».
Ön xətdə döyüş növbəsində olan əsgərlərlə öz təəssüratlarını bölüşən ziyalılar sonda hərbi qulluqçulara xidmətdə uğurlar dilədilər və Vətənin keşiyində ayıq-sayıq dayanmağı arzuladılar.
Sonra qonaqlar digər mövqelərə baş çəkdilər. Müşahidə cihazları vasitəsilə düşmənin müdafiə məntəqələrini nəzərdən keçirdilər. Qarşı tərəflə ara məsafəsinin təqribən 25 metr olması xüsusi vurğulandı. Qeyd olundu ki, erməni tərəfində müvafiq sahə ilə bağlı vəziyyət nəinki ürəkaçan deyil, ümumiyyətlə, bərbad haldadır. O da xüsusi vurğulandı ki, belə bir ön mövqeyə ziyalılarımızın baş çəkməsi əgər bir tərəfdən diqqətə layiqdirsə, digər tərəfdən də əsgərlərimizin döyüş ruhunun yüksəlməsinə kifayət qədər ciddi təkandır.
Bu mövqedə vaxtilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keşik çəkməsi isə ayrıca bir söhbətin mövzusuna çevrildi. İstər hərbi hissə komandanlığı,  istərsə də qonaqlar onun mərd, cəsur və qorxmaz bir hərbçi olduğunu vurğuladılar. Mübarizin işğal faktına tab gətirmədiyini xatırlatdılar və onun bu barədə yazdığı son məktubunu yada saldılar.
Uzun illər hərbi xidmətdə olmuş Mehdi Mehdiyev bildirdi ki, Mübariz İbrahimovun qəhrəmanlığı ordumuzun yüksək döyüş hazırlığına ciddi bir işarədir. O, göstərdiyi rəşadətlə Azərbaycan ordusunu bütün dünyaya tanıtdı, gəncləri ayağa qaldırdı.
Ön xətdə yaradılmış şəraitlə tanışlıqdan və hərbi qulluqçularla  görüşdən sonra Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu səhra şəraitində brifinq keçirib. Xidmət rəisi ilk öncə mətbuat nümayəndələrini və ziyalıları salamlayaraq Müdafiə Nazirliyi rəhbərliyinin xahişini nəzərə alıb cəbhə bölgəsinə, təmas xəttinin ən gərgin nöqtəsinə gəldikləri üçün onlara  Müdafiə Nazirliyinin rəhbərliyi adından minnətdarlığını bildirib.
Daha sonra  son dövrlər təmas xəttində baş verən hadisələrlə bağlı qonaqlara məlumat verən xidmət rəisi qeyd edib ki, 2013-cü ilin  son 8 ayı ərzində qoşunların təmas xəttində  atəşkəs rejimi erməni silahlı birləşmələri tərəfindən 1515 dəfə pozulub. Bu zaman Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqincə cavab verib.
Atəşkəs ən çox Füzuli, Xocavənd, Ağdam, Tərtər istiqamətlərində pozulub və intensiv şəkil alıb.  Yeddi hərbi qulluqçumuz düşmən gülləsindən həlak olub.  Buna cavab olaraq, mötəbər mənbələrdən aldığımız məlumatlara əsasən, düşmən tərəfi 12 nəfər əsgərini itirib.  Ötən 8 ay ərzində  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində 16 dəfə monitorinq keçirilib və bu monitorinqlər insidentsiz başa çatıb.
Ordumuzun həyatında ən mühüm  və ciddi  məqamlardan biri ondan ibarətdir ki,  nəzərdə tutulan və öncədən planlaşdırılan bütün hərbi təlimlər müxtəlif səviyyələrdə vaxtlı-vaxtında həyata keçirilib və bu təlimlərdə bütün qoşun növlərinin iştirakı təmin olunub. Müdafiə Nazirliyi rəhbərliyinin ümumi komandanlığı altında keçirilən bu təlimlər Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev tərəfindən  şəxsən izlənilib və ciddi nəzarət altında saxlanılıb.
Təlimlərin ordumuzun döyüş qabiliyyətinin artırılmasında müstəsna rol oynadığını və mütəxəssislər tərəfindən yüksək qiymətləndirildiyini bildirən xidmət rəisi daha sonra qeyd edib ki, son dörd ay ərzində Azərbaycan Kütləvi İnformasiya Vasitələri də daxil olmaqla cəbhə bölgələrində reportaj hazırlamaq,  çəkilişlər aparmaq üçün 42 jurnalist akkreditə olunmuşdur. Müdafiə Nazirliyi rəhbərliyinin bundan əsas məqsədi ordu ilə cəmiyyət arasında sıx əməkdaşlığa nail olmaqdır. Hazırda bu ənənə uğurla davam etdirilir.  
Ordumuz sürətlə inkişaf edir. Bu tərəqqidə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəsna xidmətləri var. Azərbaycan dövləti ordu quruculuğu işinə prioritet məsələ kimi yanaşır. Həm maddi-texniki təminat, həm də hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycan Prezidentinin göstərmiş olduğu diqqət və qayğının ordu mənsubları tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Eldar Sabiroğlu daha sonra bildirmişdir ki, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını sözsüz yerinə yetirmək bizim həm mənəvi, həm də əsgəri borcumuzdur. Ötən il Ali Baş Komandanın sərəncamı ilə 300-ə yaxın hərbi qulluqçuya geniş yaşayış sahəsinə malik mənzil verilmişdir. 400-dən çox hərbi qulluqçu isə xidməti mənzillərlə təmin olunmuşdur.  Bu mənzillər təkcə Bakı şəhərində deyil, Azərbaycanın digər bölgələrində, o cümlədən iri şəhərlərində inşa olunmuşdur.
Azərbaycan əsgəri  döyüşə hazır vəziyyətdədir. Torpaqlarımız 20 ildir işğal altındadır.  Bu vəziyyət uzun zaman davam edə bilməz. Biz bir əsgər olaraq Ali Baş Komandanımızın bütün əmr və tapşırıqlarını hər an sözsüz yerinə yetirməyə hazırıq.
Ən güclü silahlar belə idarə olunmadıqda o əsgərin əlində sadəcə bir dəmir parçasına çevrilir, - xidmət rəisi daha sonra qeyd edib: - Bizim əsgərlərimiz  hərbi hissələrin ixtiyarında olan ən müasir silahları idarə etmək iqtidarındadırlar. Ordu sıralarında yüksək ixtisaslı peşəkar hərbi qulluqçular xidmət edir.
Ordu quruculuğu sahəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri də beynəlxalq hərbi əməkdaşlıq sahəsinin payına düşür. Son illər, həqiqətən, Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə  ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etmişdir. Xüsusilə NATO ilə hərbi əməkdaşlıq fəaliyyəti daha da genişləndirilərək praktiki əməkdaşlığa çevrilmişdir.  Azərbaycan Respublikası 31 ölkə ilə hərbi sahədə saziş və memorandum imzalamışdır. Daha 27 ölkə ilə analoji saziş layihələri imzalanmağa hazırdır.  Bu rəqəmlər özlüyündə bizim ordumuzun inkişafını şərtləndirən amillərin əsas göstəricisidir. Azərbaycan dünyanın ABŞ, İngiltərə, Almaniya, Çin, Rusiya və s. kimi inkişaf etmiş ölkələri ilə sazişlər imzalayıb. O da sirr deyil ki, peşəkar dünya orduları heç vaxt zəif ordu ilə əməkdaşlığa həvəs göstərməz. 
Bütün bunları Azərbaycan ordusunun son illər qazandığı uğurlarının nəticəsi kimi dəyərləndirən Eldar Sabiroğlu xüsusi vurğulamışdır ki, Azərbaycan Silahlı Qüvvələrinin tərəqqisində əsas amillərdən biri və ən başlıcası Azərbaycan dövlətinin və şəxsən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğısıdır. Hansı dövlətdə iqtisadi  inkişaf var, o dövlətdə, əlbəttə, digər sahələrdə olduğu kimi, orduda da inkişaf qeydə alınır. Ancaq iqtisadi yüksəliş hər şeyi həll etmir. İqtisadi inkişafla yanaşı, idarəetmə və aparılan islahatlar  bir-birinə uyğunlaşdırıldıqda  onun səmərəli nəticəsi də daha yüksək olur. Ermənistan ordusu bizim inkişafımızdan çox ciddi narahatdır. Bu narahatçılığı şərtləndirən amillərdən ikisi daha çox diqqəti çəkir. Bunun birincisi, 26 iyunda keçirdiyimiz hərbi paraddır. Bu paradda Azərbaycan dünyanın ən müasir silahlarını nümayiş etdirdi. Digər əsas fakt isə bizim Rusiya ilə hərbi sahədə  ticarət əlaqələrimizin  dörd milyard dollar civarında olmasıdır. Bundan çox ciddi narahat olan Ermənistan istər dövlət, istərsə də Müdafiə Nazirliyi səviyyəsində özünü nümayiş etdirməyə başladı. Guya onların ordusu müasir tələblərə cavab verir. Nəticədə Dağlıq Qarabağda yerləşən erməni hərbi hissələrinin birində silahlı insident baş verdi və 4 düşmən əsgəri həlak oldu.
Bu gün Ermənistan bütün sferalarda, o cümlədən ordu quruculuğu sahəsində çox ciddi problemlər yaşayır. Vəziyyət o qədər acınacaqlıdır ki, erməni qadınları Qarabağda xidmət edən övladlarına həftəlik yemək daşıyırlar. Bu mənim təbliğat xatirinə dediyim söz deyil. \Bunu Ermənistan yerli kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ayrı-ayrı vaxtlarda səsləndirdiyi bəyanatlarda qeyd edirlər, - xidmət rəisi bildirib, - Bütün bunları nəzərə alaraq tam əminliklə diqqətinizə çatdırıram ki, başda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev olmaqla dövlətimiz və xalqımız işğal altında qalan torpaqlarımızı düşməndən azad edəcək. O gün uzaqda deyil. Ona da heç kimin şübhəsi olmasın ki, hər bir Azərbaycan vətəndaşı öz tarixi dədə-baba yurduna qayıdacaq, öz ev-eşiyində yaşayacaqdır. Çünki biz torpaqlarımızı erməni işğalı altında qoya bilmərik. Azərbaycan üçün bu, bir namus məsələsidir. 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu öz çıxışını bitirdikdən sonra kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallara cavab verdi. Bildirdi ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir. Bu bir dövlət proqramıdır. Cənab Prezidentin məlum fərmanı 20 təqvim ili Silahlı Qüvvələr sıralarında qüsursuz xidmət etmiş hərbi qulluqçuların daimi yaşayış sahəsi ilə təmin olunmasını tələb edir. Bu fərmandan irəli gələn tələblər bundan sonra da yüksək səviyyədə icra ediləcək.
Daha sonra jurnalistin sualına cavab verən mətbuat xidmətinin rəisi orduda qeydə alınan hadisələrlə bağlı aparılan tədbirlərin heç bir halda qapalı və gizli şəkildə icra edilmədiyini, lakin bəzi kütləvi informasiya vasitələrinin məsələyə qərəzli yanaşdığını diqqətə çatdırdı. Müdafiə Nazirliyi heç bir faktı gizlətmək marağında deyil. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri övladlarını itirmiş valideynlərin heysiyyatı ilə oynayır, onların hiss və emosiyalarını yanlış istiqamətə yönəldir. Nəticədə Müdafiə Nazirliyinin yaydığı obyektiv informasiyalar bəzi hallarda şübhə ilə qarşılanır.
Ordu müqəddəs bir məkandır, biz də insanıq. Baş verən hər hansı bir faciəni ürək ağrısı ilə qarşılayırıq. Bu faktlar nəinki ictimaiyyətdən gizlədilmir, əksinə, hər bir hadisə Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Və günahkar şəxslər qanunun tələb etdiyi şəkildə ciddi cəzalandırılır. İstintaq orqanları da bu məsələlərdə yaxından iştirak edir və cinayəti sübut olunan şəxslər məsuliyyətə cəlb olunur.
Cəbhə xəttindən snayperlərin götürülməsi ilə bağlı jurnalistin verdiyi suala mətbuat xidmətinin rəhbəri aydınlıq gətirərək bildirdi ki, erməni tərəfinin bununla bağlı irəli sürdüyü təkliflər qəbulolunmazdır. Münaqişənin aradan qaldırılması ilə bağlı snayperlərin geri çəkilməsi kifayət etmir. Problem kökündən həll olunmalıdır. Yəni, bu gün yersiz bəyanatlarla çıxış edən düşmən tərəfi ilk növbədə zəbt etdiyi torpaqlardan geri çəkilməlidir.
Mətbuat xidmətinin rəhbəri daha sonra bildirdi ki, Ermənistan tərəfi işğal etdiyi Qarabağ torpaqlarında kütləvi şəkildə narkotik bitkilər yetişdirməklə məşğuldur. Narkotiklərdən qazanılan gəlirin qeyri-qanuni silah\lı qüvvələrin yaradılmasına sərf olunması isə nəinki regionda, həm də dünyada beynəlxalq təhlükəsizliyə çox ciddi təhdiddir. Bununla bağlı Azərbaycanın öz qəti mövqeyi var. Bütün beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupunun üzvlərinə bu barədə geniş məlumat verilib.
Ermənistan tərəfinin Dağlıq Qarabağda keçirdiyi »təlim»lərə də toxunan xidmət rəisi bildirdi ki, əslində bu yalançı tədbirlər yerli hakimiyyətin siyasi məqsədlərinə xidmət edir. Bu gün Ermənistan nəinki təlim keçirmək, heç öz əsgərlərini yedirtmək iqtidarında deyil. Sadəcə əhali arasında ajiotaj, süni görüntü yaratmaq məqsədilə 2-3 texnikanı meydana çıxarır və 5-6 atəş açıb adını təlim qoyurlar. Belə »təlimləri» ciddi qəbul etmək lazım deyil. 
Brifinqdən sonra kütləvi informasiya vasitələrinin əməkdaşları tədbirdə iştirak edən ziyalılardan müsahibələr götürdülər. Media nümayəndələrinin suallarına cavab verən Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli dedi:
- Böyük bir qrupla bu gün sərhəd bölgəsində olduq. Hərbi qulluqçularla görüşdük. Hərbi hissələrə baş çəkdik. Sözün həqiqi mənasında, bizim üçün bir həqiqət aydın oldu ki, ordumuzda yüksək döyüş əhval-ruhiyyəsi hökm sürür. Ordumuz güclüdür. Birbaşa təmas xəttində, düşmənin bir neçə addımlığında Azərbaycan əsgərinin normal xidməti üçün hərtərəfli şərait yaradılıb. Hərbi hissələrimizin maddi-texniki imkanları gündən-günə artırılır. Mən artıq neçə ildir ki, ənənəvi olaraq döyüş bölgələrində yerləşən hərbi hissələrimizə baş çəkirəm. Hərbi qulluqçularımızın ixtiyarında olan müasir hərbi cihazlar bu gün Azərbaycan ordusunun yüksək döyüş imkanlarına malik olduğunu göstərir. Bizim ordumuz istənilən an düşmənə qalib gəlmək iqtidarındadır.
Bu, həm də onun göstəricisidir ki, dövlətin Azərbaycan ordusuna qayğısı yüksək səviyyədədir. Burada, düşmənin bir addımlığında xidmət edən, gecə-gündüz Vətənimizin keşiyini çəkən əsgər üçün yaradılan şərait bunu deməyə əsas verir. Fürsətdən istifadə edib üzümü əsgər valideynlərinə tutub demək istəyirəm ki, onların övladları peşəkar komandirlərin, zabitlərin tam ciddi nəzarəti və qayğısı altındadırlar. Burada əsgərlərin təhlükəsizliyi üçün kifayət qədər ciddi önləyici tədbirlər görülüb. Yəni, demək istədiyim odur ki, hər bir valideyn bilsin: hərbi hissələrimizdə onların övladlarına komandirlər tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Daha sonra media nümayəndələrinə müsahibə verən xalq artisti Amaliya Pənahova dedi:
- Zaman-zaman biz öz hərbi qulluqçularımıza baş çəkmişik. Azərbaycan əsgərinin pis vəziyyətdə olduğu günləri də xatırlayırıq. O gün\ləri ki, nə onların pal-paltarı, nə yemək-içməyi, nə də normal bir xidmət şəraiti var idi. Ancaq bugünkü ordumuz tamamilə başqa bir səviyyədədir. Hərbi qulluqçularımızın ürəyinə qələbə əzmi hakim kəsilib. Ordumuzun şəxsi heyəti son nəfərinədək döyüşə atılmağa, düşmənə layiqli cavab verməyə hazırdır. Bu bizi ürəkdən sevindirir. Vaxtilə ümummilli liderimizin bir çağırışı ilə on minlərlə insan ordu sıralarına qatıldı. Bu gün də belədir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu işinə pri\oritet bir məsələ kimi yanaşır. Hərbi qulluqçuların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət rəhbərliyi səviyyəsində böyük işlər görülür. Bu da ordunun yüksək döyüş hazırlığına yiyələnməsində son dərəcə önəmli rol oynayır. Ona görə də mən öz ali məqsədimizə - tarixi dədə-baba torpaqlarımızın azad ediləcəyi günə inanıram.
Bu gün burada yüksək döyüş əhval-ruhiyyəsi ilə Vətənimizin müdafiəsində dayanan hərbi qulluqçularımızı, onlar üçün yaradılmış şəraiti, ordumuzun maddi-texniki təminatını görəndən sonra ürəyimiz dağa döndü. Bütün bunları ona görə deyirəm ki, hazırkı Azərbaycan ordusunu 90-cı illərin əvvəllərində gördüyümüz ordu ilə qətiyyən müqayisə etmək olmaz. Fərq çox böyükdür. Çünki Azərbaycan əsgəri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Azərbaycan əsgəri daim diqqət mərkəzində saxlanılır.
Vətənimizin hər qarışına qurban olmalıyıq. Vətən olan yerdə hər şey var. Bu Vətəni biz qorumalıyıq. Bu təkcə əsgərlərimizin işi deyil, bu, həm də bütün xalqımızın üzərinə düşən müqəddəs vəzifədir. Biz hamılıqla mübariz, əzmli və qorxmaz olmalıyıq. 
Biz erməninin xislətinə də yaxından bələdik. O, özbaşına deyil. Satqınlıq onların qanındadır. Artıq elə bir məqam gəlib ki, indi vaxtilə onları dəstəkləyən qüvvələri də satırlar. Yəni, bu gün onlara heç kim bel bağlaya bilmir. Ancaq bu siyasətdir. Hər bir siyasətin  arxasında isə güclü dövlətlər dayanır.
Mən yaxşı xatırlayıram, vaxtilə ulu öndərimizlə bir yerdə ayrı-ayrı hərbi hissələrə baş çəkirdik. Orada bizim əsgərlərimiz müasir hərb elminin tələblərinə yiyələnməkdən ötrü əllərindən gələni edirdilər. Məqsədləri Azərbaycan ordusunu beynəlxalq səviyyədə təmsil etmək idi. Bu gün artıq biz bu məqsədə çatmışıq. Bu gün artıq Azərbaycan əsgəri ölkəmizi beynəlxalq aləmdə, sülhü dəstəkləmə əməliyyatlarında çox yüksək səviyyədə təmsil edir. Biz bütün bunları görəndə ürəkdən sevinir və bir ağızdan deyirik: »Var olsun Vətən. Var olsun Azərbaycan əsgəri».
Vaxt var idi ki, bi\z öz bayrağımızı heç tanımırdıq, ancaq indi ona sitayiş edirik. Demək istədiyim odur ki, media nümayəndələri daim ön xətdə, Vətənin keşiyində dayanan hərbçilərimizin yanında olmalıdır. Onlara dəstək nümayiş etdirməlidir. Arzu edirik ki, bizim bayrağımız ermənilər tərəfindən zəbt olunmuş bütün torpaqlarımızda dalğalansın.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra »N» hərbi hissəsində mədəniyyət və incəsənət ustaları tərəfindən geniş konsert verildi.
Konsertdən öncə mətbuat xidmətinin rəhbəri qonaqları şəxsi heyətə təqdim etdi. İlk olaraq söz Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anara verildi.
Hərbi qulluqçuları salamlayan xalq yazıçısı əsgərlər qarşısında çıxış edərək bildirdi ki, siz Vətənin keşiyində ayıq-sayıq dayanan qəhrəman insanlarsınız. Fədakarlıqla Vətənə xidmət edirsiniz. Bu gün biz səngərlərdə olduq, təmas xəttinə baş çəkdik, hərbi qulluqçulara yaradılmış şəraitlə yaxından tanış olduq. Maddi-texniki təchizatınızla maraqlandıq. Gördük ki, burada normal xidmət üçün çox gözəl imkanlar yaradılıb. Maddi-texniki təchizatınız yüksək səviyyədədir. İxtiyarınıza dünyanın ən müasir silahları verilib. Bütün bunları görəndən sonra bir daha qürur hissi keçirdik ki, belə güclü və qüdrətli ordumuz var. Mən bir daha qeyd edirəm, dəfələrlə ayrı-ayrı hərbi hissələrdə olmuşam. Hərbi hissələrimizin maddi-texniki təminatı, hərbi qulluqçuların döyüş hazırlığı, ruh yüksəkliyi ilbəil artır. Peşəkar, qüdrətli bir ordu yaranır. Biz buna çox sevinirik. Çünki ordusu güclü olmayan dövlətlə heç kim hesablaşmır. Əgər sülh istəyiriksə, gərək güclü ordumuz olsun. Bir yaxşı söz də var: öz ordusuna xidmət etməyən xalq işğalçı orduya xidmət etməyə məhkumdur. Mən əminəm ki, işğal altında qalan torpaqlarımız tezliklə yad tapdağından azad olunacaqdır. Siz də Vətən qarşısındakı xidmətlərinizi şərəflə başa vurub öz evinizə, öz ailələrinizə qayıdacaqsınız. Dinc şəraitdə yaşayacaq, işləyəcəksiniz. Orduda xidmətinizi iftixar və qürur hissi ilə xatırlayacaqsınız. Sizin ailə üzvləriniz də fəxr edəcəklər ki, mənim oğlum, mənim qardaşım, mənim həyat yoldaşım, mənim atam Vətənə övladlıq borcunu ləyaqətlə yerinə yetirib. Qonağı olduğumuz hərbi hissənin Mübariz İbrahimov kimi qəhrəmanı var. Qoy onun qəhrəmanlığı, Vətənə, dövlətə və xalqa sədaqəti hamımız üçün örnək olsun. Sizinlə növbəti dəfə zəfər günündə görüşmək arzusu ilə sağollaşıram.
Daha sonra söz Milli Məclisin sosial-siyasət komitəsinin sədri, siyasi elmləri doktoru Hadı Rəcəbliyə verildi. O dedi:
- Əziz əsgərlər, sizin əksəriyyətiniz bizim müstəqilliyimizdən bəlkə də bir neçə yaş cavansınız. Ancaq bu gün bizim müstəqilliymizin qarantı sizsiniz.  Biz vaxtaşırı döyüş bölgələrində oluruq. Əsgər və zabitlərlə görüşük. Bu ünsiyyət, bu təmas həm bizi, həm də sizi mənən gücləndirir. Yəni, mən o fikirdəyəm ki, belə görüşlərin əhəmiyyəti böyükdür.
Ordu məğrurluq, igidlik, kişilik məktəbidir. İnsanlar bu məktəbdə yetişirlər, həyata vəsiqə qazanırlar, müxtəlif çətinliklərlə üzbəüz qalırlar. Bu çətinliklər sizin bir insan kimi formalaşmağınızda mühüm rol oynayır. Həyatda dözümlü, məğrur olmağınıza, sərbəst yaşamağınıza şərait yaradır. Bu baxımdan ordunun hər bir insanın həyatında oynadığı rol çox böyükdür.
Xidmət  etdiyniz hərbi hissə döyüş bölgəsində yerləşir. Buradakı vəziyyətlə tanış olandan sonra sizin şücaətinizə, sizin qəhrəmanlığınıza bir daha ürəkdən inandıq. Hərbi xidmətdən tərxis olunandan sonra iftixar hissi ilə öz ordu həyatınızdan danışacaqsınız. Qürurla qeyd edəcəksiniz ki, biz cəbhə bölgəsində xidmət etmişik. Bir daha demək istəyirəm ki, siz biz ziyalıların fəxrisiniz, iftixarısınız, dövlətimiz sizə güvənir, sizə arxalanır. Ona görə də sizi bir daha alqışlayır və ən xoş arzularımı bildirirəm. Qoy valideynləriniz də narahat olmasınlar, çünki buradakı komandirləriniz sizə öz doğma balaları kimi baxırlar. Hər biriniz yüksək diqqət və qayğı ilə əhatə olunmusunuz. Komandirlərimiz əsgərlərimizin normal xidməti üçün əllərindən gələni edirlər.
Daha sonra söz xalq artisti Amaliya Pənahovaya verildi. A.Pənahova üzünü əsgər və zabitlərə tutub dedi:
- Müstəqil Azərbaycanımızın igid oğulları. Biz bu gün Azərbaycan ordusu ilə fəxr edirik. Vaxt vardı hərbi hissələrimizə girəndə məyus olurduq, ruhdan düşürdük. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra orduya yüksək diqqət və qayğı göstərdi. Nəticədə Silahlı Qüvvələrimiz qısa müddətdə dünya standartlarına uyğun şəkildə inkişaf etməyə başladı. 
Bu gün  ürəyimiz daha böyük fəxarət hissi ilə döyünür.  Çünki ulu öndərimizin qoyduğu ənənələri uğurla davam etdirən dövlət başçımız, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev hərbçilərimizə  yüksək diqqət və qayğı göstərir. Onların xidmət şəraitinin yaxşılaşdırılmasında, sosial-məişət problemlərinin həllində əlindən gələni edir. Ona görə də  hamınız çalışmalısınız ki, Vətənimizə layiqli övlad olasınız. Bu yolda sizə cansağlığı, xoşbəxtlik və xidməti uğurlar arzulayıram. Vətən qarşısında  borcunuzdan elə çıxın ki, biz sizinlə həmişə fəxr edək.
Sonda Milli Məclisin Təhlükəsizlik Komitəsinin sədr müavini Aydın Mirzəzadəyə söz verildi. O dedi:
- Biz bu gün sizlərlə görüşə birbaşa cəbhə xəttinə gəlmişik. Gün ərzində təmas xəttinin müxtəlif hissələrinə, səngərlərə baş çəkdik. Erməni quldurları ilə üzbəüz dayanan əsgərlərimizin mətinliyinin, ordumuzun yüksək döyüş hazırlığının, ən müasir tələblərə cavab verən silah-sursat və döyüş texnikası ilə təmin olunmasının şahidi olduq. İnandıq ki, Azərbaycan ordusu torpaqlarımızı hər an düşməndən azad etməyə qadirdir.
Bu gün Azərbaycanı Ermənistanla heç bir sahədə, o cümlədən ordu quruculuğu məsələsində müqayisə etmək mümkün deyil. Söhbət  əhalidən, maddi-texniki təminatdan, orduya ayrılan vəsaitdən getmir. Söhbət ondan gedir ki, Azərbaycan əsgəri öz torpaqlarını düşməndən azad etmək əzmindədir. Erməni əsgəri isə zorla Qarabağa gətirilir. Bu mübarizədə, əlbəttə, Azərbaycan əsgəri mütləq qalib gələcək.
Azərbaycan dövləti, şəxsən cənab Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi güclənib. Azərbaycan vətəndaşı özünü daha güvəncli, daha güclü hiss edir. Silahlı Qüvvələrimiz dövlətimizin və müstəqilliyimizin etibarlı qarantına çevrilib. Belə bir vəziyyətdə hər bir kəs öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməyə hazır olmalıdır. Bu vəzifələrin içərisində ən böyüyü, ən müqəddəsi Vətəni, Torpağı qorumaqdır. Bu mübarizədə ön sıralarda dayananlar isə siz əsgərlərsiniz.  Həm bir vətəndaş, həm də Milli Məclisin üzvü kimi sizə öz minnətdarlığımı bildirirəm.  Əminəm ki, sizlərin əzmi, dövlətin  diqqət və qayğısı, Azərbaycan xalqının inamı ilə torpaqlarımız işğaldan azad ediləcək. Azərbaycan dövləti bundan sonra da əsrlər boyu güclü və qüdrətli dövlət kimi var olacaq. 
Çıxışlardan sonra ziyalılar əsgərlərlə birlikdə rəqs etdilər və xatirə şəkli çəkdirdilər.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti