Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2017 21:00

“Çingiz dastanı” kitabının təqdimatı olub

Martın 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş “Çingiz dastanı” kitabının təqdimatı olub.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev qısa müddətdə belə bir kitabın hazırlanıb çapdan çıxmasını şəhid qəhrəmanımızın xatirəsinə hörmət və ehtiramın təcəssümü kimi dəyərləndirib. Qeyd edib ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələyə xüsusi önəm verir.
Ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşi məhz dövlətimizin başçısının sayəsində qarşı tərəfdən alınıb və yüksək əsgəri ehtiramla, dövlət səviyyəsində keçirilən vida mərasimi ilə son mənzilə yola salınıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ailəsi isə paytaxtda yeni mənzillə, rayonda isə ev inşa edilməsi üçün torpaq sahəsi ilə təmin olunub.
“Çingiz dastanı”nda 22 yaşlı qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan ətraflı bəhs edilir. Prezident İlham Əliyevin Çingiz Qurbanovun ailə üzvləri ilə görüşü, qəhrəmanın müəllimlərinin xatirələri və s. kitabda əksini tapıb. “Çingiz dastanı”nın hər bir əsgərin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəlməsində, gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində mühüm rolu olacaq.
Kitabın müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani bu kitabın işıq üzü görməsində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid Milli Qəhrəmanın ailəsi adından, həm də müəllif kimi minnətdarlığını bildirib. Azərbaycan Prezidentinin “Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır”, - sözlərini tədbir iştirakçılarına xatırladan A.Qurbani qəhrəmanın ölümü ilə qəhrəmanlığın ölmədiyini, əksinə daim yaşadığını deyib. Çingiz Qurbanov 22 il ömür sürsə də, onun qəhrəmanlığı, xatirəsi əsrlər boyu yaşayacaq, yeni Çingizlər doğulacaq və xalqımız gələcəkdə də öz igid oğulları ilə fəxr edəcək.
Milli Məclisin deputatları Xanhüseyn Kazımlı və Məlahət İbrahimqızı müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə ordu quruculuğu prosesinin geniş vüsət almasından, Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordularından biri olmasından və hər şeydən əvvəl Vətən əsgərinin mənəvi, fiziki, iradi keyfiyyətlərinin ən yüksək səviyyəyə çatmasından qürur hissi ilə danışıblar. Onlar bir neçə gün əvvəl cəbhə bölgələrində səfərləri zamanı bunun şahidi olduqlarını qeyd ediblər.
Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycan Ordusunda Mübariz, Fərid, Çingiz kimi oğullarımız minlərlədir. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. “Çingiz dastanı” igid oğullarımızın şərəfinə yazılmış mükəmməl əsər kimi qiymətlidir. Əminik ki, bu kitab hər bir əsgərin, hər bir gəncin stolüstü kitabı olacaq.
Keçmiş birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov və ehtiyatda olan polkovnik Şair Ramaldanov bugünkü hərb tariximiz, qəhrəmanlarımız haqqında əsərlərin yazılmasının vacibliyini vurğulayaraq Novruz bayramı ərəfəsində “Çingiz dastanı”nın işıq üzü görməsinin həm şəhidin ailəsi, həm Vətən müdafiəçiləri, həm də qədirbilən xalqımız üçün böyük töhfə olduğunu deyiblər.
Milli Qəhrəmanın məzunu olduğu Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilov, onun dekanı və sevimli müəllimi, dosent Ramiz Hüseynov, tələbə Cabir Abasov şəhid qəhrəman haqqında xatirələrini bölüşüblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati işlər və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov, dekan Mirağa Əhmədov Azərbaycan əsgərinin qəhrəmanlığının dövlət səviyyəsində qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək “Çingiz dastanı”nın təqdimatının universitetdə də keçiriləcəyini bildiriblər.
Ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli Abdulla Qurbaninin yaradıcılığından və bu yeni əsərin aktuallığından bəhs edib. Professor belə əsərlərə gənclərin böyük ehtiyacı olduğunu qeyd edib.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, istefada olan polkovnik Həmid Səfərov və digər çıxış edənlər kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkürlərini bildiriblər.