Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2012 09:00

Cəbhə bölgəsində mətbuat konfransı keçirilib

   Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə xəttində mətbuat konfransı kecirib. 2012-ci ilin 10 ayı ərzində atəşkəsin 1178 dəfə pozulduğunu deyən mətbuat xidmətnin rəisi ən çox gərginliyin Füzuli, Tərtər və Ağdam istiqamətində yaşandığını bildirib. Hər iki tərəfdən itkilər olduğunu diqqətə çatdıran Eldar Sabiroğlu atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun ötən 10 ay müddətində 12, qarşı tərəfin isə 32 döyüş itkisi verdiyini söyləyib. "Qoşunların təmas xəttində ən gərgin vəziyyət iyun ayında yaşanıb. Ötən ay ərzində qoşunların təmas xəttində 19 monitorinq keçirilib və insidentsiz başa çatıb. Onlar yerlərini dəyişən kimi həmin ərazidə ermənilər atəşkəsi pozurlar. Biz əsgərik və birinci vəzifəmiz müharibə vasitəsilə də olsa torpağımızı işğaldan azad etməkdir. İkinci savaş regionda bütövlükdə böyük alovun yaranmasına səbəb olacaq. Savaş Azərbaycan əsgərinin qələbəsi ilə başa çatacaq", - o deyib.Eldar Sabiroğlunun sözlərinə görə, 10 ay ərzində müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılığı altında bütün hərbi birləşmələrimizdə genişmiqyaslı təlimlər keçirilib. "Bu sınaqlardan ordumuz pis çıxmayıb. Hərdən eşidirik ki, ermənilər də bizim işğal altında olan zonalarda həftədə bir-iki dəfə təlim keçirirlər. Təlimi hazırlamaq, həyata keçirmək elə də asan deyil. Bunun üçün ciddi hazırlıq və böyük maliyyə mənbəyi lazımdır. Ermənilər iki-üç tank, bir artilleriya qurğusu çıxarıb adını qoyurlar ki təlim keçirirlər. Bunlar uydurmadır və Azərbaycana heç cür təsir edə bilməz", - mətbuat xidmətinin rəisi deyib. Eldar Sabiroğlu qeyd edib ki, bu gün Azərbaycan Ordusu təmas xəttində ən müasir silahları yerləşdirilib. "Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq önümüzdə duran əsas vəzifələrdəndir. Bu an uzaqda deyil. Daha dözüm də qalmayıb. Düşünürəm ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq" deyə Sabiroğlu bildirib.Onun sözlərinə görə, Azərbaycanda son illər ordu quruculuğu istiqamətində böyük işlər aparılıb. Bunun birincisi silahlanmadır: "Ən müasir silahlar almışıq və bununla düşmənin istənilən məsafədəki hədəflərini vura bilərik. İkincisi, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsidir". Polkovnik həmçinin qeyd edib ki, 45 hərbi şəhərcikdə təmir, quruculuq işləri aparılıb.
Eldar Sabiroğlu həmcinin bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün ştat struktru NATO standartlarına uğunlaşdırılıb. "NATO-nun mənzil qərargahlarında Silahlı Qüvvələrimizin zabitləri NATO zabitləri kimi xidmət edirlər. NATO qərargahlarında xidmət edən zabitlərimizin sayı artır. İngiltərənin Norfuld şəhərindəki Hərbi Dəniz Qüvvələrinin qərargahına Azərbaycan HDQ-nin zabiti göndəriləcək və hazırda buna hazırlıq işləri gedir". Polkovnik Eldar Sabiroglu onu da qeyd edib ki, Azərbaycanın 21 ölkədə hərbi attaşesi və nümayəndəsi var və 53 ölkə ilə hərbi əməkdaşlıq edir. "Azərbaycanda ali hərbi məktəblər o dərəcədə inkişaf edib ki, hazırda Qazaxıstan, Qırğızıstan və Tacikistandan təhsil alanlar var. Daha bir neçə ölkə də təhsil üçün müraciət edib", - Sabiroğlu deyib. Ordumuzun düşmən ordusu ilə müqayisəsinə gəlincə Eldar Sabiroglu bunları bildirib: "elə radar sistemimiz var ki, düşmənin atdığı raketi yerindəcə təsbit edir. Onu anında zərərsizləşdirə bilirik. Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vurarıq. Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur".