Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2014 09:00

Beyləqanda "Hər birimiz Vətən üçün bir əsgərik" devizi altında kütləvi vətənpərvərlik mərasimi keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beyləqan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər mərkəzi stadionunda "Hər birimiz Vətən üçün bir əsgərik" devizi altında kütləvi vətənpərvərlik mərasimi keçirilib.
Tədbir iştirakçıları və qonaqlar əvvəlcə Heydər Əliyev parkına gedərək xalqımızın Ümummilli liderinin abidəsini ziyarət etmiş və qarşısına gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanışlıq zamanı qeyd olunub ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu bölgədən də qayğısını heç vaxt əsirgəməmiş, beyləqalıların zəhmətini həmişə yüksək qiymətləndirmişdir. 5 dəfə bu rayona səfər etmiş unudulmaz Heydər Əliyev 35 il öncə rayonun 40 illik yubileyində demişdir ki, bu rayonda halal zəhmətlə dolanmaq əhval-ruhiyyəsi üstünlük təşkil edir. Buradakı adamlar öz halal zəhməti ilə yaşayan əməksevər insanlardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu öndərimizin ənənənələrini uğurla davam etdirərək Beyləqan rayonuna daim diqqət və qayğı göstərir, rayonun inkişafı, müdafiəsi, insanların rifahının daha da yaxşılaşdırılması üçün səylərini əsirgəmir.
Mərkəzi stadionda keçirilən kütləvi vətənpərvərlik mərasimi ordu ilə xalqın monolit birliyinin, ordunun və xalqın Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalarının nümayişinə çevrildi.
Mərkəzi stadion bayramsayağı bəzədilmiş, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin ordu ilə xalqın birliyi və hərbi vətənpərvərlik barədə fikirləri əks olunan şüar və plakatlar, mərasim emblemləri diqqəti cəlb edirdi. Şeypurçu və təbilçilərin "Diqqət, hamı dinləsin!" siqnalından sonra hərbi orkestrin ifa etdiyi marş sədaları altında hərbçilərdən ibarət bayraqdarlar dəstəsi stadiona daxil oldular. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki mərasim iştirakçılarına çatdırıldı, sonra aparıcılar qeyd etdilər ki, ordumuzun son vaxtlardakı uğurları, cəbhə bölgələrindəki irəliləyişlər, Azərbaycan əsgərinin və xalqının döyüş ruhu, vətənpərvərlik ruhu, düşmən atəşlərinin qarşısının mərdliklə alınması, düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi, Ali Baş Komandanın düşmənlə təmas xəttində hərbçilərimizlə görüşləri, döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması, Beyləqan rayonu əhalisinin, eləcə də Beyləqanın qəhrəman müdafiəçilərinin də böyük sevincinə səbəb olmuşdur.
Tədbirə "Hər birimiz Vətən üçün bir əsgərik" sözlərinin deviz seçilməsi isə heç də təsadüfi deyildi. Əgər ölkəmiz müharibə şəraitində yaşayırsa, torpaqlarımızın bir hissəsi düşmən işğalındadırsa, düşmən məkrli və hiyləgər niyyətlərindən əl çəkmirsə, hər gün sərhədlərimizdə güllə səsləri eşidilirsə, mövqelərimiz atəşə tutulursa, şəhidlər veririksə bu gün hər birimiz əsgər olmalı, Vətənin torpağından, daşından, elə hər birimizdən barıt qoxusu gəlməlidir. Mərasim iştirakçıları adları hərb tariximizə qızıl hərflərlə yazılmış Tomris, Cavanşir, Babək, Şah İsmayıl Xətai, Koroğlu və Örənqala igidlərinin Qarabağın azadlığı naminə çağırışlarını böyük coşqu ilə qarşılayır, Mücirəddin Beyləqaninin öyüd-nəsihətini maraqla dinləyirlər.
Aparıcılar Böyük Vətən müharibəsi illərində bütün Azərbaycan xalqı kimi, beyləqanlıların da faşizm üzərində qələbədə böyük xidmətləri olduğunu vurğulayaraq Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovu meydana dəvət edirlər. 1944-cü ilin payızında Rumıniya uğrunda döyüşlərdə sinəsilə düşmən pulemyotunun qarşısını kəsərək əsgərlərin irəliləməsinə şərait yaratmış beyləqanlı gənc Gəray Əsədovun çıxışı tədbir iştirakçılarına kövrək duyğular yaşadır. "Heç bilirsinizmi sizin üçün necə darıxmışam? Bu gün mən də sizinlə bir yerdə olmaq, ölkəmizin bu cah-cəlalını seyr eləmək və sizinlə birlikdə Qarabağ uğrunda döyüşlərə atılmaq istərdim".
Qeyd olunur ki, Qarabağ müharibəsi başlandığı ilk günlərdən beyləqanlılar da Vətən torpaqlarının keşiyini çəkirdilər. Beyləqan könüllü müdafiə taboru müstəqil Azərbaycan Respublikasının hərb tarixinə neçə-neçə şanlı səhifələr yazmışdır. Qarabağ uğrunda döyüşlərdə 150-dən çox beyləqanlı şəhidlik zirvəsinə ucalmış, neçəsi sağlamlığını itirmişdir.
Beyləqanlılar doğma rayonu qoruduqları kimi, digər bölgələrimizin də müdafiəsində, işğaldan azad edilməsində öz sözlərini demişlər. Beş nəfər beyləqanlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə yola salınmış hərbi hissənin tərkibində son nəfəsədək vuruşmuş və Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş Elçin Məmmədovun və Şuşada əsir düşərgəsində düşmənin ağır işgəncələrinə baxmayaraq heç bir sirr verməmiş, ölümünü də gülə-gülə qarşılamış İlqar Qurbanovun müraciətləri düşmənə nifrət hissi aşılamaqla yanaşı, tamaşaçılarda böyük qürur hissi oyatdı. Tamaşaçılar şəhid oğulların "yenidən həyata gəlsəydik, yenə də Vətən uğrunda canımızdan keçərdik", şəhid valideynlərinin isə "Vətən sağ olsun!" sözlərini ayaq üstə, alqışlarla qarşıladılar.
Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Gəncə Dövlət Dram Teatrı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, aktyor, müğənni, rəqqas və bədii qiraətçilərinin ifasında vətənpərvərlik mahnı, marş, rəqs, şerlər bir-birini əvəz etdi.
Ön səngərdən mərasimə dəvət edilmiş xidmətdə və döyüş hazırlığında fərqlənən 45 nəfər əsgər və çavuşa mükafatlar təqdim edildi. Müxtəlif hərbi hissələrdə xidmət edən beyləqanlı əsgərlər və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları hərbi avtomobillərdə tamaşaçılar qarşısından keçdilər.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və quruluşçu rejisorluğu ilə hazırlanmış möhtəşəm tədbirin sonunda şəhidlər abidə kompleksindən od götürən məşəl meydana gətirildi. Bütün iştirakçılar and içdilər ki, şəhidlərimizin intiqamı qiyamətə qalmayacaq, müstəqil dövlətimizin, doğma Azərbaycanın müdafiəsi yolunda, işğal edilmiş torpaqlarımızın azad edilməsi naminə öz qanlarını, canlarını əsirgəməyəcək, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlar.
"Gələcəyik Qarabağa" mahnısının sədaları altında mərasim başa çatdı.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev və millət vəkili, professor Xanhüseyn Kazımlı çıxış edərək Respublika Prezidenti İlham Əliyevə, tədbirin təşəbbüskarı və təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.