Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2015 09:00

Belarus torpağında Azərbaycanın Milli Qəhrəmanının 50 illik yubileyi qeyd olunub

Ölkəmizdə Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi həmişə əziz tutulur, onların yubileyləri dövlət səviyyəsində qeyd edilir.
Belə qəhrəmanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin zabiti mayor Anatoli Nikolayeviç Davidoviçdir. Əgər o, yaşasaydı mart ayının 28-də 50 yaşı tamam olacaqdı. Lakin A.Davidoviç gəncliyinin ən gözəl çağında - 27 yaşında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda gedən döyüşlərdə əbədi olaraq şəhidlik zirvəsinə ucalmışdır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən yubiley tədbirlərinin təşkili ilə bağlı Slutsk şəhərinə ezam edilmiş nümayəndəmiz öncə şəhər mərkəzi xəstəxanasına gedərək bir ay əvvəl ürəyində açıq cərrahiyə əməliyyatı aparılmış şəhidin anası Kima Andreyevna ilə görüşüb, ona xalqımızın, Silahlı Qüvvələr şəxsi heyətinin minnətdarlıq dolu salamlarını və Müdafiə Nazirliyinin yubiley töhfəsini çatdırib.
"Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalı redaksiya heyətinin təsis etdiyi "Mehriban ana" medalının oğlunun yubiley günündə anaya təqdim olunması onda xoş duyğular oyadıb.
K.Andreyevna növbəti dəfə diqqətdən kənarda qalmadığı, övladının unudulmadığı və xatirəsinin əziz tutulduğu üçün bir daha Azərbaycan xalqına minnətdarlığını bildirib.
Martın 28-də Müdafiə Nazirliyinin bilavasitə təşkilatçılığı ilə Milli Qəhrəmanın 50 illik yubileyi yüksək səviyyədə qeyd edilib.
Əvvəlcə tədbir iştirakçıları şəhər qəbirstanlığına gedərək qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.
Anım mərasimini açan polkovnik Abdulla Qurbani qəhrəmanın keçdiyi qısa, lakin mənalı ömür yolundan danışaraq bildirib ki, A.Davidoviç 50 il öncə Minsk vilayətinin Kopolskiy rayonunun Skobin kəndində anadan olub. Sonra ailələri ilə birlikdə Slutski şəhərinə köçən Anatoli burada S.F.Rubanov adına orta məktəbi bitirib, Ukraynadakı Sumı Ali Artilleriya Məkətəbində təhsil alıb, SSRİ-nin Almaniyadakı Qoşun Qrupunda tağım komandiri kimi xidmətə başlayıb.
1989-cu ildə Zaqafqaziya Hərbi Dairəsinə - Gəncə şəhərinə göndərilmiş gənc zabit burada artilleriya hərbi hissələrindən birində xidmətini davam etdirib. Xocalı faciəsindən sonra isə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə daxil olmuşdur.
Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə ona "mayor" hərbi rütbəsi verilmiş, artilleriya hissələrindən birinə qərargah rəisi təyin edilmişdir. Milli artilleriyaçı kadrların hazırlanmasında səylərini əsirgəməyən mayor A.Davidoviç tabeliyindəki şəxsi heyətlə birlikdə mütəmadi olaraq Tərtər, Ağdam, Goranboy və Füzuli bölgələrində döyüş tapşırıqlarını yerinə yetirmişdir.
1992-ci ilin iyun ayında Ağdam bölgəsində qanlı döyüşlər gedərkən o, xüsusi qəhrəmanlıq nümunələri göstərərək düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itkilər verilməsinə nail olmuşdur. Lakin döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış mayor A.Davidoviçə vaxtında ilk yardım göstərilməsinə, helikopterlə Bakıya hərbi hospitala çatdırılmasına və həkimlərin səylərinə baxmayaraq onu ölümün pəncəsindən xilas etmnək mümkün olmamışdır.
Ölümündən az sonra 1992-ci il iyulun 3 - də Belarus Respublikasının müstəqilliyi günündə mayor A.Davidoviçə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Slutsk şəhər İcraiyyə Komitəsi sədrinin müavini Larisa Georgiyevna Dobrovolskaya anım mərasimində çıxış edərək Azərbaycan və Belarus xalqlarının dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndiyindən söhbət açıb, azərbaycanlıların da Böyük Vətən müharibəsi illərində Belarusun faşist işğalçılarından azad edilməsində müstəsna xidmətlərini qeyd edib, görkəmli sərkərdələrimizin, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının adlarını iftixar hissilə çəkib və bildirib ki, Azərbaycan xalqı Belarusdan olan qəhrəmanını unutmadığı kimi, belaruslar da bu torpaqlar uğrunda həlak olan yüzlərlə azərbaycanlı döyüşçünün xatirəsini həmişə əziz tutur.
Uzun illərdir ki, Belarus Respublikasında yaşayan azərbaycanlı ziyalılar - Belarus Azərbaycan İcmaları Konqresinin fəalları İlham Hacıyev, Mirəli Mirəliyev, Elman Mahmudov, Zaur Tərlanov çıxışlarında şəhidin ailəsi ilə daim əlaqə saxladıqlarını, onların problemlərinin həlli istiqamətində həmişə yardımçı olduqlarını vurğulayıblar.
Milli Qəhrəmanın qardaşı Aleksandr ay yarım Azərbaycanda, Ağdam uğrunda döyüşlərdə Anatoliy Davidoviçlə bir səngərdə olduğunu xatırlayıb, hər cür təcavüzə, işğala, terrora nifrət etdiyini bildirib.
Həkimlərin ciddi nəzarətinə baxmayaraq mərkəzi xəstəxanadan çıxaraq birbaşa anım mərasiminə gəlmiş şəhid anası Kima Andreyevna burada da Azərbaycan rəhbərliyinə, Azərbaycan xalqına, tədbirin təşkilatçılarına oğlunun 50 illik yubileyini yüksək səviyyədə keçirdiklərinə görə bir daha dərin təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəman anasının 1994-cü ildə Ulu öndərimiz Heydər Əliyevlə görüşdüyü barədə xatirələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bildirilib ki, bu yaxınlarda Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərin mərkəzi küçələrindən birinə mayor Davidoviçin adı verilmişdir. Bir neçə gündən sonra həmin küçənin başlanğıcındakı binaya qəhrəmanın barelyefi vurulacaq, küçənin təntənəli açılışı olacaq, Milli Qəhrəmanın 4 il yaşadığı və xidmət etdiyi Gəncə şəhərində yubiley mərasimi keçiriləcəkdir. Həmin yubiley tədbirinə dəvəti Davidoviçlər ailəsi onlara göstərilən diqqət və qayğının daha yeni bir təzahürü kimi qiymətləndiriblər.
Həmin gün Azərbaycanın Milli Qəhrəmanı mayor Davidoviçin vətənində "Belarus oğlu, Azərbaycan qəhrəmanı" sənədli filminin son kadrları çəkilmiş və müsahibələr alınmışdır.