Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2017 17:28

Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunlarının görüşü keçirilib

Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1982 və 1987-ci il məzunlarının buraxılışlarının 30 və 35 illiyi münasibətilə görüş keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən keçirilən görüşdə   məktəbi bitirmiş müxtəlif ölkələrin hərbi qulluqçuları və onların ailə üzvləri iştirak edib.
Qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam edib. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə təntənəli qarşılama mərasimindən sonra qonaqlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü önünə güllər qoyublar.
Təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Bayrağı və  Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin döyüş bayrağı səhnəyə gətirilib. Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubu görüş iştirakçılarına çatdırılıb.
Tədbirdə çıxış edən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev məzunların görüşünə toplaşanları salamlayıb, ölkəmizdə Ordu quruculuğu istiqamətində əldə edilən uğurlardan danışıb.
Daha sonra çıxış edənlər Bakıda hərbi məktəbdə təhsil aldıqları illərlə bağlı öz xatirələrini bölüşüb, məzunları təbrik ediblər.
Sonra məktəbin fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib, hərbi orkestrin və solistlərin  müşayiəti ilə musiqi proqramı təqdim olunub.
Plana əsasən təşkil edilən ekskursiya zamanı qonaqlar şəhərimizin ən gözəl yerlərini – Heydər Əliyev Mərkəzi, Qoşa Qala qapıları, Şirvanşahlar sarayı, Qız Qalası və muzeyləri ziyarət edib, gəmi ilə dəniz gəzintisində olublar.