Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Fevral 2012 09:00

Azərbaycanın müdafiə naziri ilə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin görüşü keçirilib

   Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
    Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın, Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
    Geniştərkibli görüşdə hərbi əməkdaşlıq məsələlərinin müxtəlif sahələr üzrə daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb, irəli sürülən konkret təkliflərin reallaşması üçün işçi qrupların fəaliyyətə başlanması qərara alınıb.
    Görüş zamanı nazir Səfər Əbiyev hörmətli qonağı regionda hökm sürən gərgin hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin yaratdığı problemlər barədə məlumatlandırıb.
    Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Silahlı Qüvvələrimizin üzərinə düşən vəzifələrə toxunan müdafiə naziri bildirib ki, biz bölgədə sülhün tərəfdarıyıq, ancaq torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə Azərbaycan digər zəruri tədbirləri həyata keçirməkdən çəkinməyəcək.
    Öz növbəsində general Xalid Şamim Vayn da həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduqlarını və haqq mübarizəsində Pakistan İslam Respublikasının ölkəmizi dəstəklədiyni bəyan edib.