Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2016 09:00

Azərbaycan və İspaniya Müdafiə nazirlərinin görüşü olub

İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 25-də ispaniyalı həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb.
İspaniyanın Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda general-polkovnik Z. Həsənovun şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycanın və İspaniyanın dövlət himnləri səsləndirilib.
Sonra nazirlərin təkbətək görüşü keçirilib.
Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edən İspaniyanın müdafiə naziri vurğulayıb ki, bu cür səfərlər intensiv şəkildə həyata keçirilməlidir.
İspaniyalı nazir bildirib ki, Azərbaycanın müdafiə nazirinin də İspaniyaya səfəri ölkələrimiz arasında əlaqələrin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaradır. Bunun ümumi işimizin inkişafına xidmət edəcəyinə ümidvaram.
General-polkovnik Z.Həsənov Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, cəbhə bölgəsində yaşanan son hadisələr, ölkəmizin Avropa və Avratlantik qurumlarla əlaqələri barədə ətraflı məlumat verib.
"Biz Azərbaycan ilə İspaniya arasında əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət veririk. Ümummilli lider Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində olmuş Azərbaycan-İspaniya əlaqələri bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir", - deyə Azərbaycanın müdafiə naziri bildirib.
Azərbaycan-İspaniya əməkdaşlığının bütün istiqamətlərdə, o cümlədən hərbi sahə üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi qeyd edildiyi görüşdə aparılan danışıqların ölkələrimizin silahlı qüvvələri arasında əlaqələrin inkişafına, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfəsini verəcəyinə əminlik ifadə olunub.

***

İspaniyanın müdafiə naziri Pedro Morenes Eulate bildirib ki, bu görüş çox arzuolunan idi. Azərbaycan ilə İspaniya arasındakı əlaqələrin perspektivləri genişdir. Ölkələrimizin münasibətləri dostluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Ümumi layihələrimiz var.
İspaniyalı nazir vurğulayıb ki, sülhə təhlükə yaradan bütün elementlərlə mübarizə diqqət mərkəzindədir. Bu mübarizədə ölkələrimiz eyni mövqedən çıxış edir. Mən görüşümüzdə söylədiyim bir ifadəni xüsusi vurğulamaq istəyirəm: "İspaniyanın və Azərbaycanın dostları da, düşmənləri də eynidir". Mənim cənab nazirlə dostluğum Bakı səfərindən başlayır. Ona görə də bu səfər mənim üçün önəmli idi. Hesab edirəm ki, mənim fikirlərimi azərbaycanlı həmkarım da bölüşür. Biz də müəyyən təhlükəli məqamlardan keçmişik. Belə razılığa gəlindi ki, imkan daxilində bütün mümkün əməkdaşlığı davam etdirək.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov səfərin yüksək səviyyədə təşkilinə görə ispaniyalı həmkarına təşəkkür edib. Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanları çox genişdir. Görüşdə bu imkanlar müzakirə olundu. Əməkdaşlıq həm iki ölkə arasında, həm də NATO çərçivəsində inkişaf edir. "İspaniyalı həmkarım yeni maraqlı təkliflərlə çıxış etdi və biz bu təkliflərlə razıyıq", - deyən nazir İspaniya-Azərbaycan dostluğunun əbədi olduğunu qeyd edib. İspaniyalı nazirin görüşdə dediyi "İspaniyanın və Azərbaycanın dostları da, düşmənləri də eynidir" ifadəsini xüsusi vurğulayan Z.Həsənov bu mövqeyinə görə həmkarına minnətdarlığını bildirib.