Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2013 09:00

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK S.ƏBİYEVİN GÜLÜSTAN SARAYINDA SİLAHLI QÜVVƏLƏRİN YARADILMASININ 95-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİMDƏKİ ÇIXIŞI

Yoldaş generallar və zabitlər!
Hörmətli veteranlar və qonaqlar!
Xanımlar və cənablar!

Sizi Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının 95 illik yubileyi münasibətilə təbrik edirəm, hər birinizə cansağlığı və ailə səadəti arzulayıram.


Hörmətli mərasim iştirakçıları!
Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir. 1998-ci il mayın 22-də məhz onun imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilmişdir.
26 iyunun Silahlı Qüvvələr günü müəyyən edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ordu quruculuğu sahəsində mühüm addımlar atılmışdır.
Məlumdur ki, 1993-cü ilin iyun ayınadək nizami Silahlı Qüvvələrimiz yaradılmamışdır. Bu, yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra mümkün olmuşdur. Qısa müddət ərzində Silahlı Qüvvələrimiz bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe, qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir hərbi qüvvəyə çevrilmişdir.
Unutmamalıyıq ki, Silahlı Qüvvələrimiz işğalçı Ermənistan tərəfindən Azərbaycana elan olunmamış müharibənin gedişində yaradılmış və formalaşmışdır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin növləri və qoşunlarında döyüş hazırlığı və mənəvi-psixoloji hazırlıq vahid plan əsasında həyata keçirilir.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95-ci ildönümünə həsr edilmiş hərbi paradda demişdir: "Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatmışdır və hər an bizim ordumuz hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin".
Biz indi böyük sevinc və qürur hissləri içindəyik. Çünki biz bu gün Silahlı Qüvvələrin şəxsi heyətinin, müasir hərbi texnika, aviasiya və döyüş gəmilərinin iştirakı ilə keçirilən möhtəşəm hərbi paradın şahidi olduq. Silahlı Qüvvələrimizin ən müasir hərbi texnika və silahlarla təchiz edildiyini görmək xalqımızda və Azərbaycan ordusunun bütün şəxsi heyətində məmnunluq hissi yaratmışdır. Bu hərbi parad bir daha göstərdi ki, bizim yüksək döyüş qabiliyyətinə malik nizam-intizamlı ordumuz vardır.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demək olar ki, hər çıxışında qeyd etdiyi kimi bu gün də bildirmişdir: "Güclü dövlətin güclü ordusu olmalıdır... Əlbəttə ki, bu gün Azərbaycan ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır".
Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrimizə verilən bu yüksək qiymət onun şəxsi heyətinin məsuliyyətini artırır.
Mən, bu bayram günündə bəyan edirəm ki, bu gün Azərbaycan Ordusu öz gücünü artıq döyüş meydanlarında, torpaqlarımızın işğalçılardan azad edilməsi uğrundakı döyüşlərdə göstərməyə hazırdır.


Hörmətli mərasim iştirakçıları!
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı ildən-ilə inkişaf edir.
Azərbaycan Respublikası dünyanın 31 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır. Hazırda daha 25 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.
İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər həyata keçirilir.
Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsinin iştirakı təmin edilir.
Müdafiə Nazirliyi Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclaslarında iştirak edir, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, o cümlədən Planlaşdırma və Analiz Prosesi çərçivəsində əməkdaşlığını uğurla davam etdirir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif beynəlxalq təlimlərin iştirakçısıdır. 2012-ci ildə Silahlı Qüvvələrimizin nümayəndələri hər bölmədə 100 nəfər olmaqla Almaniya və Rumıniyada keçirilən təlimlərdə iştirak etmişdir. Bu il isə 200 nəfərlik bir bölməmiz Bolqarıstanda keçiriləcək təlimlərdə iştirak edəcəkdir.
Bunu da qeyd etməliyəm ki, hazırda 21 dövlətdə Silahlı Qüvvələrimizin hərbi attaşelik aparatı fəaliyyət göstərir.
NATO-nun 7 regional qərargahında isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitləri xidmət edirlər.


Hörmətli mərasim iştirakçıları!
Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi siyasəti dövlət rəhbərliyinin diqqət mərkəzindədir.
Buna bariz nümunə olaraq, cari ilin iyun ayının 24-də cənab Prezidentimizin Sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır.
Müdafiə xərclərinin hər il artırılması, yeni yaşayış binalarının tikilməsi üçün büdcədən vəsaitin ayrılması, Ali Baş Komandan tərəfindən hərbi qulluqçulara daimi mənzillərin verilməsi dövlət qayğısının təzahürüdür.
Bu il ərzində hərbi qulluqçular 241 daimi, 487 yeni tikilmiş xidməti mənzillə təmin edilmiş və 271 xidməti mənzil isə əsaslı təmir edilərək onların istifadəsinə verilmişdir. Bu ilin sonunadək 467 xidməti mənzil inşa edilib istifadəyə veriləcəkdir.
Qeyd etməliyəm ki, hərbi birliklər üçün şəhərcik kompleksləri yenidən qurularaq istifadəyə verilib və bu iş bu gün də davam etdirilir.
Silahlı Qüvvələrin Baş Klinink Hospitalında böyük həcmdə yenidənqurma işləri aparılıb, 560 çarpayılıq müalicə-diaqnostika kompleksi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dünən açılaraq istifadəyə verilmişdir.
Hərbi Dəniz Qüvvələri üçün isə hazırda inşası davam etdirilən baza qısa müddətdə istifadəyə veriləcəkdir.


Hörmətli mərasim iştirakçıları!
Xalqımız, dövlətimiz və onun Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev tərəfindən Ordumuza və onun şəxsi heyətinə göstərilən bu diqqət və qayğı bir ali məqsədə xidmət edir: torpaqlarımızı erməni işğalçılarından azad edərək, respublikamızın ərazi bütövlüyünü bərpa etmək!
Biz Azərbaycan Silahlı Qüvvələri quruculuğunda bu günə qədər əldə etdiyimiz uğurlarla kifayətlənmirik və Silahlı Qüvvələrin bütün şəxsi heyəti yeni-yeni nailiyyətlərə can atır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi ordu quruculuğu sahəsində uğurlar bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan Silahlı Qüvvələri xalqımızın iradəsilə Prezidentimizin hər bir əmrini yerinə yetirməyə hazırdır.


Hörmətli mərasim iştirakçıları!

Sizi bir daha Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının 95 illik yubileyi münasibətilə təbrik edir və düşmən üzərində tam qələbə naminə hər birinizə cansağlığı, xoşbəxtlik və işinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun.
Diqqətinizə görə təşəkkür edirəm.