Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edir

Aprelin 24-də Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib.
30 ölkənin müdafiə naziri, diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər qonaqların iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.
Mərasim Çanaqqala döyüşündə iştirak etmiş ölkələrin hərbi formalarını geyinmiş əsgərlərin dövlət bayraqları ilə keçidi, döyüşlərdə həyatını itirmiş hərbi qulluqçuların xatirəsinin ehtiramla yad edilməsi, abidə önünə gül çələnglərinin düzülməsi və yaylım atəşlərinin açılması ilə başlayıb.
Sonra müxtəlif ölkələrin hərbi və diplomatik nümayəndəlikləri təmsilçilərinin çıxışları olub. Mərasim hərbi keçid və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin nümunəvi uçuşların nümayişi ilə davam edib.
Sonda general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə Şəhidlik dəftərini imzalayıb və Türk şəhidliyini ziyarət edib.
Azərbaycan Respublikasının Müdafiə nazirinin Türkiyə Respublikasına səfəri aprelin 25-dək davam edəcək.