Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri ABŞ müdafiə katibinin əməkdaşını qəbul edib

Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi məqsədilə ölkəmizə səfərə gələn Birləşmiş Ştatların müdafiə katibinin köməkçisinin müavini xanım Evelin Farkasın müxtəlif dövlət strukturlarında apardığı ikitərəfli məhsuldar görüşlərin əməkdaşlığın gələcək perspektivlərinin müəyyən olunmasına və inkişaf etdirilməsinə yeni üfüqlər açacağı baxımından diqqəti cəlb edir.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüş zamanı da Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən hərbi əlaqələrin və müdafiə sahəsində münasibətlərin dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə naziri regiondakı gərgin hərbi-siyasi vəziyyəti qonağın diqqətinə çatdırmaqla yanaşı, ölkələrarası uzunmüddətli əməkdaşlığın inkişafına maneçilik törədən bəzi amillər üzərində dayanıb. O, 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasını xüsusi vurğulayaraq qeyd edib ki, bu düzəliş nəinki hərbi əməkdaşlıq məsələlərində, eləcə də digər problemlərin həllində öz mənfi rolunu oynayır. Nazirin fikrincə, vaxtilə ədalətsiz qaydada qəbul edilmiş bu düzəlişin ləğvi gələcək əməkdaşlıq sahəsində əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradar.
Görüş zamanı Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlığa dair digər mühüm məsələlər barədə də geniş müzakirələr aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar iştirak edib.