Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Mart 2013 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətlərinin məlumatı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Seymur Mürvət oğlunun ölməsi faktı ilə əlaqədar hərbi prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən əşyalar götürülmüş, məhkəmə-tibbi ekspertin, prokurorun və müstəntiqin iştirakı ilə meyidin xarici və daxili müayinəsi aparılmış və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.
Mərhum S.M.Allahverdiyevin meyitinin xarici və daxili müayinəsi zamanı onun bədən səthində odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlməyə xarakterik xəsarətlərdən başqa, digər hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən döyülmə nəticəsində əmələ gələ bilən hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir.
İlkin araşdırma ilə müəyyən edilmişdir ki, MN-nin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgər Allahverdiyev Seymur Mürvət oğlu 28 fevral 2013-cü il tarixdə, saat 15.10 radələrində döyüş postunda xidmət apararkən öz xidməti istifadəsində olan silahdan baş nahiyəsinə atəş açmaqla özünü öldürmüşdür.
Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanmışdır.
Hazırda S.M.Allahverdiyevin özünü öldürməsinin səbəb və şəraitinin, ona qarşı hər hansı zorakı hərəkətlərin edilib-edilməməsinin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz intensiv istintaq hərəkətləri yerinə yetirilir.
Lakin buna baxmayaraq, Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətləri təəssüf hissi ilə bildirir ki, bu hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə mərhum əsgər Seymur Allahverdiyevin guya döyülərək öldürülməsi barədə heç bir reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, təyin edilmiş ekspertiza rəyləri və digər istintaq hərəkətlərinin nəticələri məlum olmadan müxtəlif əsassız fərziyyələr irəli sürülməklə ictimaiyət çaşdırılır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətləri bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq, ordu barədə mənfi və əsassız fikirlərin formalaşması məqsədlərinə xidmət etməklə, müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və reallığa əsaslanmayan fikirlərin sosial şəbəkələrdə yayımlanması yolverilməzdir.
Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir, istintaqın gedişi və nəticələri barədə əlavə məlumat veriləcəkdir.