Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2017 20:06

Azərbaycan Prezidentinin qətiyyətli çıxışını Silahlı Qüvvələrin şəxsi heyəti böyük ruh yüksəkliyi ilə qarşılayıb

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu, vətənpərvərlik hissini və işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə inamını daha da artırıb.
Bununla əlaqədar birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir, şəxsi heyət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan edirlər.
N nömrəli hərbi hissədə tədbir başlamazdan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq qarşısına gül dəstələri qoyulub.
Əsgər klubunda keçirilən tədbirdə Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev çıxış edərək sentyabrın 20-də Nyu-York şəhərində keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının tarixi və proqram əhəmiyyətli bir sənəd adlandırıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İ.Əliyev həmin sessiyada 25 ildən çoxdur ki, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxladığını iştirakçıların nəzərinə çatdıraraq bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistanın Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.
BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə, eləcə də bir çox beynəlxalq qurumların buna oxşar qərar və sənədlər qəbul etməsinə baxmayaraq Ermənistan bunların heç birini icra etmir.
Azərbaycan Prezidenti qətiyyətlə bildirib ki, Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o buna görə cəzalandırılmır. Bu, ikili standartlara əsaslanan yanaşmadır və bu yanaşma qəbuledilməzdir. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmədiyinə, Ermənistan diktaturasına heç bir beynəlxalq sanksiya tətbiq edilmədiyinə etiraz edən Azərbaycan Prezidenti bu siyasətə son qoyulmasını tələb edib. Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov möhtərəm Prezidentimizin qətiyyətli, cəsarətli və sərt çıxışının nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olduğunu, Ermənistanın isə bundan vahiməyə düşdüyünü qeyd edib.
Millət vəkili E.Nəsirov Azərbaycan Prezidentinin bu qətiyyətli çıxışı maddi texniki bazası günü-gündən möhkəmlənən, peşəkarlığı, döyüş qabiliyyəti daha da artan qüdrətli Azərbaycan Ordusuna arxalanaraq etdiyini xüsusilə vurğulayıb və böyük əminliklə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa-olsun təmin ediləcək, torpaqlarımız işğaldan azad ediləcək və qaçqınlarımız yurd yerlərinə qayıdacaqlar. Çünki Azərbaycanın güclü ordusu, orduya daim arxa-dayaq olan qədirbilən xalqımız, müdrik Prezidentimiz və qətiyyətli Ali Baş Komandanımız vardır.
Hərbi qulluqçular adından çıxış edən polkovnik Mehman Kərimov Azərbaycan Prezidentinin bu çıxışının bütün ordumuz üçün bir əmr olduğunu və şəxsi heyətin bu əmrə hər an hazır olduqlarını böyük inamla deyib.
Tədbirin sonunda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin şeirləri əsasında "Komandanın əmrinə biz hazırıq hər zaman!" ədəbi-musiqili kompozisiyasını təqdim edib.