Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2015 09:00

Azərbaycan Hərb Tarixi Muzeyində general-mayor Həzi Aslanovun xatirəsi yad edilib

Azərbaycan Hərb Tarixi Muzeyində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 və Böyük Vətən müharibəsində həlak olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, Böyük Vətən müharibəsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra muzeyin rəisi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, "Qırmızı Ulduz" ordenli ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbiri açaraq H.Aslanovun xidmətlərindən danışıb, faşizm üzərində tarixi Qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Vətən torpaqlarının azadlığı uğrunda son damla qanını belə əsirgəməyərək düşmənlə mübarizə aparan bu qəhrəman həmvətənimizin xalqımız tərəfindən hər zaman qürur və hörmət hissi ilə yad ediləcəyini, onun adının və şərəfli döyüş yolunun gələcək nəsillər üçün hər zaman əsl vətənpərvərlik nümunəsi olacağını vurğulayıb.
Sonra "Azərbaycan və İkinci Dünya müharibəsi", "Həzi Əhəd oğlu Aslanovun döyüş yolu", "Yaddaşlarda qalan Həzi" adlı məruzələr və digər çıxışlar dinlənilib.
Qəhrəmanın nəvəsi Emin Aslanov babası ilə bağlı tədbirlərin həyata keçirilməsində əməyi olan Müdafiə Nazirliyinin və Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivinə dərin minnətdarlığını bildirib və H.Aslanova həsr olunmuş üç kitabı muzeyə təqdim edib.
Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə hazırlanmış H.Aslanovun döyüş yoluna dair sənədli film də təqdim olunub.